"Hər gün ömürdən gedir"
"Oxumaq həvəsi atamı bir an da tərk etməyib. O, gecəsini-gündüzünə qataraq hazırlaşıb və Maksim Qorki adına Ədəbiyyat İnstitutuna daxil olub" - deyə Leyla xanım söhbətinə davam edir.
- Moskvada oxuyarkən Nəbi Xəzri, Əli Kərim, İsa Hüseynovla dost olub, yataqxanada eyni otaqda yaşayıblar. Tələbəlik illərində çox kasıblıqla dolanıblar. Atam danışırdı ki, onlar çətin günün dostu olublar. Ac vaxtlarında Moskva yeməkxanalarında stolların üstünə qoyulan pulsuz çörək və xardalı yeyirmişlər. Həmin illərdə Səməd Vurğunun onlara köməyi dəyib. O, azərbaycanlı tələbələrin dərd-sərləri ilə maraqlanar, restorana aparıb onlara qonaqlıq verərmiş. Bu tələbələrin korluq çəkdiyini görən şair bəzən soyuq qış aylarında birinə şərf, birinə papağını bağışlayıb. Atam şairin bu xeyirxahlığını həmişə minnətdarlıqla xatırlayardı.
Atamgil institutda oxuyanda yazıçı Fadeyevin Moskva kənarındakı bağ evində qalıblar. Yataqxana kimi tələbələrin istifadəsinə verilən bağ evini onlar əsl yaradıcılıq evinə çeviriblər. Azərbaycanlı tələbələr hər gün bağ evindən şəhərə elektrik qatarıyla gedib-gəlirmişlər. Atamgil hər səhər qatarda qəşəng, sarışın bir qızla yol-yoldaşı olublar. Tanışlıq zamanı Roza adlı gənc qız onların Ədəbiyyat İnstitutunda təhsil aldıqlarını biləndə sevinib. O da ədəbiyyatı həddindən artıq sevdiyini söyləyib. O gündən həmin elektrik qatarı atamgilin ədəbiyyat barədə müzakirə məkanına dönüb.
Bir gün atam qıza vurulduğunu anlayıb. Cürət edib ürəyini ona açandan sonra qızın da ona meyili olduğunu öyrənib. Amma atam Bakıda heykəltəraş qızla nişanlı olduğunu ondan gizlədib.
Tələbəlik illəri başa çatandan sonra atam qızdan ayrılmaq istəməyib. Xudmani bir məclisə yoldaşlarını yığaraq onunla evlənib. Atamın Moskvadan gözəl bir qızla dönməsi hamını çaşdırıb. Ancaq özlərinə ağsaqqal bildikləri atama cürət edib heç kəs bir söz deyə bilməyib. Gəlinə "Salamın nişanlısı var" - deməyə də heç kəsin ürəyi gəlməyib. Beləcə, moskvalı qız bu evin əziz-xələf sakininə çevrilib. Əlbəttə, qərib şəhərdə, tanımadığı adamların arasında olmaq anam üçün asan deyildi. Ancaq onun məhəbbəti hər şeyi üstələmişdi. Bir də qohum-əqrəba da onu mehribanlıqla qarşılamışdı. Nənəm, atamın bacıları anama adət-ənənələrimizi, bütün Azərbaycan xörəklərini bişirməyi öyrədirlər. Anam tikiş tikməyi də həvəslə öyrənir.
Bir gün atam anamı özüylə Yazıçılar İttifaqına apararaq Səməd Vurğunla da tanış edir. Şair anamı mehribanlıqla qarşılayır: "Məhəbbət Vətənə qalib gəldi!" - deyə zarafatından da qalmır.
Salam Qədirzadə Bakıya qayıtdıqdan sonra bütün fikrini yazıçılığa verir, kitablarını çap etdirir. Dövlət işlərinə maraq göstərmir. Ona yaxşı vəzifələr təklif etsələr də, bacardığı qədər bu işlərdən imtina edir. O, yazıçılığı ən yüksək vəzifə sayır. "Atamın vəzifə kürsüsündə gözü yox idi. Ancaq vəzifələrdən imtina etmək də həmişə mümkün olmurdu. Müxtəlif vaxtlarda "Azərbaycan" yurnalında, ilk dəfə "Kirpi" yurnalında və başqa yerlərdə işlədi, amma getdiyi yerlərdə uzun-uzadı qalmadı. "Kirpi"də baş redaktor işləməyə məcbur oldu. Çünki o dövrdə belə vəzifələr Mərkəzi Komitə səviyyəsində həll edilirdi. Bəzən vəzifələr dövlət tapşırığı kimi verilirdi. Atam da 1970-ci ildə "Kirpi" yurnalına baş redaktor təyin ediləndə yaxasını kənara çəkə bilmədi. Deyirdi ki, bu vəzifədən imtina etsəm, sonra kitablarımı çap etməyəcəklər. Ancaq o, bu vəzifədə cəmi dörd il işlədi. "Vəzifə nəyimə lazımdır? Yazıçının vəzifəsi odur ki, çəkilsin bir tərəfə, əsərlərini yazsın" - deyə həmişə söyləyirdi. "O vaxt yazıçılar yaxşı qonorar alırdılar. Bir kitabın puluna ev, maşın almaq olurdu. Atam "46 bənövşə" kitabından qazandığı qonorarla özünə maşın aldı. Atam dörd il işlədikdən sonra "Kirpi" yurnalından işdən çıxdı. Ondan sonra çox vəzifələrə dəvət olunsa da, ömrünün sonunadək heç yerdə işləmədi. Yaradıcılıqla məşğul olur, qonorarları ilə dolanırdı. O vaxtlar kitab çap etdirmək asan məsələ deyildi. Atamın əsərləri həmişə plana salınırdı. Çünki atam kimi yazıçıların əsərlərini plana salmağa məcburuydular. "Xeyir gətirən kitabların isə hər il nəşr edilməsi vacibiydi. Atamın kitabları da ən çox gəlir gətirən kitablar sırasına daxil idi. Bu kitablar heç vaxt rəflərdə yığılıb qalmırdı".
- Qardaşımla mən ona əsərləri haqqında fikirlərimizi deyir, bəzən tənqid də edirdik. O bizə diqqətlə qulaq asar, fikrimizə hörmətlə yanaşırdı. O istəyirdi ki, bizdə müstəqil fikir formalaşsın. Atamla zövqlərimiz bir-birinə bənzəyirdi. Hətta eyni yazıçıları, eyni əsərləri sevərdik. Atam öz satirik əsərlərini xoşlayırdı. Biz də həmin əsərləri sevirdik. Bir də mən onun bütün əsərləri içərisində baş qəhrəmanını mənim adımla adlandırdığı "Kəndimizdə bir gözəl var" əsərini çox sevirəm. Əlbəttə ki, mən həmin əsərdə həyatından bəhs edilən qız deyiləm. Sadəcə, atam həmin əsəri mənə ithaf edib. Eləcə də "Su pərisi Mariana" əsəri anam Roza xanıma, "Sevdasız aylar" isə qardaşım Ruslana həsr olunub. Orta məktəbdə və universitetdə oxuduğum illərdə tələbələrin atamın kitablarına olan maraqlarını görüb bir övlad kimi fərəhlənirdim. O dövrdə "46 bənövşə", "Kəndimizdə bir gözəl var", "Sevdasız aylar" kitabları gənclərin ən çox sevdiyi əsərlər idi.
Yaradıcı adamlar arasında bütün dövrlərə xas olan qısqanclıq və paxıllıq hissləri Salam Qədirzadədən də yan ötməyib. Kitablarının çap olunmaq üçün hər il plana salınması, mütəmadi nəşr olunması, kitabxanalara çatdırılan kimi satılıb qurtarması kimlərdəsə qısqanclıq yaradıb. Əvvəlcə Yazıçılar İttifaqının, sonralar SSRİ Yazıçılar İttifaqının üzvü olan yazıçının dəfələrlə Azərbaycan Yazıçılar İttifaqı tərəfindən fəxri ad almaq üçün namizədliyi irəli sürülsə də, adı Mərkəzi Komitədə siyahıdan çıxarılıb. Onun fəxri adı başqalarına verilir. "Atam "Mükafatım təbəssümümdür" əsərinə adı rəmzi mənada vermişdi. Fəxri adı saxtakarlıqla başqalarına verilən atam satirik əsərlərin müəllifi kimi insanlara təbəssüm bəxş etdiyindən qürur duyduğunu, ən böyük mükafatı xalqın təbəssümü olduğunu yazırdı. Ancaq o bizə hiss etdirməsə də, qarşılaşdığı haqsızlıqlardan inciyirdi. Atam işdə qarşılaşdığı problemləri evdə açıb-ağartmağı xoşlamırdı. İşlə bağlı hansısa problemi olduğunu biz sonralar eşidərdik.
- Atam yalnız səhəri gün özünə gəlib, başına gələnləri anlayıb. Bir az söhbət də edib. Sonra yenidən, üçüncü dəfə insult keçirib. Bir həftə koma vəziyyətində yaşadıqdan sonra vəfat etdi. Dünyasını dəyişəndə atamın 64 yaşı vardı.
"Görünür, biz də ona oxşamışıq. Qapılar döyməyi xoşlamırıq. Ona görə də atamın xatirəsini əbədiləşdirməyə, doğum və ya ölüm günlərində bir xatirə gecəsi keçirməyə nail ola bilmirik..."
Təranə MƏHƏRRƏMOVA Kaspi S.14.
Salam Qədirzadə sadə və zəhmətkeş bir ailədə dünyaya gəlib. Həyatın sərt üzünü hələ uşaq ikən görüb. Atası ailəni balaca dükanından qazandığı gəlirlə dolandırır, anası Ziba isə evdə dərzilik edirmiş. Yeddi nəfərdən ibarət külfəti dolandırmaq o qədər asan deyildi. "Atam evin ikinci uşağı idi. Onun ailələrində xüsusi yeri olub. Qardaş-bacıları onu həddindən artıq çox istəyib, böyük qardaşlarıyla fəxr ediblər" - deyə qızı Leyla xanım danışır: "Evdə onun oxuması, yaradıcılıqla məşğul olması üçün hər cür şərait yaradılıb. Nəslimizdə onun qədər yazıçılığa heç kim həvəs göstərməyib. Atam orta məktəbdə oxuyanda şeirlər yazırmış. Ancaq o, təkcə ədəbiyyata yox, rəssamlığa da həvəs göstərib. Yaxşı şəkillər çəkərmiş. Hələ musiqiyə, tar çalmağa olan həvəsini demirəm. Musiqi təhsili almaq üçün sənədlərini musiqi məktəbinə də verib. Məktəbə qəbul prosesində, uşaqların musiqi qabiliyyətlərinin yoxlanmasında dahi Üzeyir bəy də iştirak edirmiş. Atam dahi bəstəkar qarşısında tarda bir musiqi ifa edib. Üzeyir bəy qulaq asandan sonra: "Bala, sən bu sənətdən uzaqlaş, tarzən olmaq sənlik deyil" - deyə atama məsləhət verib. Atam sonralar ona doğru yol göstərdiyi üçün Üzeyir bəyin ruhuna dua oxuyardı.
Musiqiçi olmaq həvəsindən əl çəkəndən sonra atam seçim qarşısında qalıb: rəssam, yoxsa yazıçı olsun? Şeirləri pis deyildi, oxuyanlar bəyənirmiş. Ədəbiyyata və poeziyaya olan həvəsi digər maraqlarını üstələyir və o, yazıçı olmağı qərara alır.
Böyük Vətən müharibəsinin başlaması onsuz da çətinliklə yaşayan ailələri daha da ehtiyacla üzləşdirib. Atam könüllü olaraq cəbhəyə yollanıb. Müharibədə rabitəçi kimi dəfələrlə ölümlə üz-üzə gəlib. Bir neçə dəfə yaralanıb.
Müharibə qurtarandan sonra Bakıya qayıdıb. Oxuyub təhsil almaq arzusunda olan atam yenidən ailənin problemlərinə kömək etməli olub.